İşçi hüquqlarının real həyatda necə qorunduğunu anlamaq üçün təkcə qanun mətninə baxmaq kifayət etmir. Bunun üçün həmkarlar ittifaqlarına münasibət, kollektiv danışıqların işləməsi, tətil hüququ, məhkəməyə çıxış və sərbəst toplaşma kimi indikatorlar ölçülməlidir. Bu məqsədlə ən çox istinad edilən mənbələrdən biri ITUC ( International Trade Union Confederation) Global Rights Index-dir və ölkələri 1 (ən yaxşı) – 5+ (ən pis) şkalasında qiymətləndirir.
ITUC indeksi ölkələri “kollektiv əmək hüquqları”nın (ittifaq azadlığı, kollektiv müqavilə, tətil və s.) praktik vəziyyətinə görə qiymətləndirir. 1 reytinqi o deməkdir ki, hüquqlar ümumən təmin olunur və pozuntular “sporadik”dir, yəni sistematik xarakter daşımır. 5 reytinqi isə hüquqların faktiki olaraq təmin edilmədiyini, işçilərin praktik çıxış yollarının çox zəif olduğunu göstərir.
ITUC 2025 hesabatında “Rating 1” alan ölkələr arasında bu 5-i ən çox nümunə kimi göstərilir:
Danimarka
Norveç
İsveç
Almaniya
İslandiya
Bu ölkələrdə insan resursları sistemləri adətən üç sütun üzərində qurulur: kollektiv danışıqların işləməsi, güclü institusional nəzarət və işçinin güc strukturlarına çıxışının real olması. Nəticədə işçi hüquqlarının müdafiəsi kağız üzərində qalmır, tətbiqdə də görünür. ITUC-nin “Rating 1” izahı da məhz bunu vurğulayır: hüquqlar “ümumən təmin olunur”, pozuntular isə daimi və sistematik deyil.
ITUC 2025-də “Rating 5 – No guarantee of rights” qrupunda olan ölkələrdən bu 5-i risk səviyyəsinə görə ən çox qeyd olunur:
Banqladeş
Belarus
Ekvador
Misir
Esvatini
Bu kateqoriyada əsas problem çox vaxt eyni ssenaridir: işçilərin təşkilatlanması çətinləşir, tətil hüququ məhdudlaşır, kollektiv müqavilə mexanizmi zəifləyir və hüquq pozuntusu zamanı effektiv hüquqi müdafiə kanalları işləmir. ITUC bunu “işçilərin hüquqlara faktiki çıxışının olmaması” kimi təsvir edir.
Bu siyahı “kim daha varlıdır” deyil, “işçinin kollektiv səsi və hüquqi müdafiəsi praktikada nə qədər işləyir” sualına cavab verir. İnsan resursları əməkdaşı baxımından ən sağlam yanaşma odur ki, ölkə seçimi, əmək müqaviləsi modeli, vendor seçimi və işçi siyasətləri bu risk reallığı nəzərə alınaraq qurulsun. ITUC Global Rights Index kimi ölçülə bilən indekslər məhz buna görə dəyərlidir: emosiyaya yox, indikatorlara əsaslanır.
HR Option, insan resursları inkişaf mərkəzi
Qaynaq: ITUC ( International Trade Union Confederation), ILO (Beynəlxalq Əmək Təşkilatı).