+99450 373 57 37
  • HROPTION
  • Yorum yapılmamış
5932-lec1-1536x865
Siz heç düşünmüsünüzmü ki, insanlar niyə uğurlu olmaq istəyirlər? Nəyə görə hər kəs uğur kəlməsinin sehrinə aşiqdir? Nə üçün uğurlu insanlar daha cəlbedicidir və uğur hekayələri daha çox oxunur?

Bu faktdır ki, uğur göz qamaşdırıcıdır. Əslində, burada pis və anormal heç nə yoxdur. Bütün kainat – ən kiçiyindən ən böyüyünə qədər hamısı – fitrətən kamil olan nöqtəyə hərəkət edir. Uğurlu olmaq uğursuz olmaqdan daha kamildir. Ona görə də, insanlar uğura – yəni daha kamilə doğru davamlı hərəkətdədirlər.

Yəqin ki, sizin də qarşınıza “Uğurun sirri” adı altında yüzlərlə kitab, məqalə, yazı çıxıb. İnsanlar bu cür yazıları xüsusi zövqlə oxuyur, uğurun sirrindən bəhs edən kitabları həvəslə alırlar. Bütün bunların əksər hissəsi satışa yönəlmişdir. Söhbət uğurlu simaların öz fikirlərini, uğur hekayələrini cəmiyyətlə paylaşmasından getmir. Qətiyyən bu mövzuya aidiyyatı olmayan insanların da bu mövzuda söz sahibliyini də tənqid etmirəm. Yəni, məsələnin müsbət – mənfi tərəflərini müzakirə etmirəm, sadəcə, bu mövzuda belə səs-səda onu göstərir ki, ciddi ehtiyacdır.

Mənə görə uğurun xüsusi sirri var. Ancaq, bu o qədər spesifikdir ki, öz uğur yolunu tapmaq və tətbiq etmək demək olar ki, çox çətindir. Ümumi anlamda çalışmaq, boş işlərə vaxt sərf etməmək və s. uğura aparır. Amma, bəzən insanlar onları belə tətbiq edərkən boşluq yaşayır və tez ruhdan düşürlər. Çünki, yüzdə yüz öz reseptini tapmaq çətindir. Məsələn, dünyanı dəyişən Apple’in atası Stiv Cobs üçün kimsə uğurun sirrlərindən danışsaydı, yəqin ki, o universiteti yarımçıq qoymazdı. Amma, Stiv başqa şeylər etdi. Yəni uğurun resepti onun üçün başqa idi.

Məşhur Honda firmasının qurucusu Soichiro Honda, bir gün Toyota firmasına iş müsahibəsinə gedir və uyğun olmadığı üçün işə qəbul olunmur. Bundan sonra, Honda Toyotaya rəqib firma qurmaq qərarına gəlir. Beləliklə, “Honda uğuru” yaranır.
Bu halda, siz, müraciət etdiyi işdən “yox” cavabı alan hər kəsin həmin firmaya rəqib firma qurmasının faydalı məsləhət olacağını düşünürsünüz? Əlbəttə, yox.
Toyota firmasından “yox” cavabı aldıqda, biri Hondaya uğurun sirrlərindən danışsaydı, əminəm ki, ümidini itirməməsini, bir daha Toyotaya müraciət etməsini məsləhət görərdi. Hətta, bəlkə də, Tomas Edisonun elektrik lampasını kəşf edərkən ruhdan düşmədən 3678 dəfə cəhd etməsini də motivasiya üçün misal çəkərdi. Amma, Honda üçün uğurun sirri başqa idi. Bəzən uğurun sirri istəklərindən əl çəkməkdir.
Göründüyü kimi, “Uğurun sirri” çox spesifik olduğundan, onu əldə etmək və öz uğur yolunu tapmaq çətindir. Bəlkə də, biz belə qəbul etməliyik ki, uğurun sirri deyilən bir şey yoxdur. O zaman nə edək, uğurlu olmayaqmı? Bu mümkün deyil. Dedim axı insan daim kamilliyə doğru hərəkətə acdır.

Mən uğurun sirrindən daha çox uğursuzluğun sirri haqqında düşünmək istəyirəm. Bu, hərəkətə keçmək üçün yaxşı alətdir. Uğursuzluğun sirri ki, sirr deyil? Bunlar hamıya məlumdur. Tənbəllik, boş işlər, çayxanada oturmaq, Facebookda boş boş gəzmək, serialları əzbərləmək və s. Bu çox asandır. Uğursuzluğun sirrini bilib onları tətbiq etməsək uğurlu olarıq. İşığın nə olduğunu bilmirəm, amma qaranlığı yaxşı bilirəm. Qaranlıqdan qaçsam onsuzda işıqda olacam.

Ona görə də, elə indidən həyatımıza baxıb uğursuzluğun sirrlərini tətbiq etməməyə başlamalıyıq. Hər gün bir damla, nəhayət gölə çevriləcək. İnanın ki, heç kim sizin üçün uğurun reseptini verə bilməz. Öz reseptinizi ancaq siz bilirsiniz. Mən demirəm uğurlu olmaqdan bəhs edən kitablar oxumayın. Oxuyun və uğurlu insanları izləyin, ancaq nə etməli olduğunuzu, öz yolunuzu özünüz müəyyənləşdirin. İlk addıma uğursuzluqları həyatınızdan uzaqlaşdırmaqla başlayın. Belə etsəniz, bir müddət sonra şəxsi uğur hekayənizi özünüz yazacaqsınız.

Author: HROPTION

Bir cevap yazın