Müsahibə sadəcə sual–cavab prosesi deyil. Bu mərhələ namizədin peşəkarlığını, davranış modelini, düşüncə tərzini və şirkət mədəniyyətinə uyğunluğunu nümayiş etdirdiyi ən kritik mərhələdir. Təəssüf ki, bir çox güclü namizəd texniki bilik çatışmazlığına görə yox, məhz müsahibə zamanı etdiyi yanlışlara görə müsbət geri dönüş ala bilmir.
Müsahibənin ilk dəqiqələrində verilən klassik sual:
“Şirkətimiz haqqında nə bilirsiniz?”
Namizədin cavabı isə bəzən belə olur:
“Vakansiyanı saytların birində görmüşdüm, tam baxmamışam.”
Bu tip cavabdan sonra namizədin peşəkar biliklərinə baxılmadan belə mənfi ilkin rəy formalaşa bilər.
Niyə bu yanlışdır?
Çünki bu, namizədin:
maraqsız,
məsuliyyətsiz,
fürsəti dəyərləndirməyən biri olduğu təəssüratı yaradır.
Əslində nə etməli?
Şirkətin fəaliyyəti, sektoru, dəyərləri və son layihələri haqqında minimum araşdırma aparmaq və niyə məhz bu şirkətə müraciət etdiyini 2–3 konkret cümlə ilə izah etmək kifayətdir.
Doğru yanaşma nümunəsi:
“Şirkətinizin əsas fəaliyyət istiqamətinin … olduğunu və son dövrdə həyata keçirdiyiniz … layihəsi ilə fərqləndiyini müşahidə etdim. Xüsusilə bu yanaşmanız mənim üçün maraqlı oldu.”
Namizəddən CV-də qeyd etdiyi layihə və ya sertifikat soruşulduqda belə cavablarla qarşılaşmaq mümkündür:
“Tam xatırlamıram” və ya “Sadəcə iştirak etmişdim.”
Niyə bu yanlışdır?
CV namizədin peşəkar tarixidir. Əgər namizəd CV-də yazılanları izah edə bilmirsə:
ya məlumatlar şişirdilib,
ya da namizəd gördüyü işin dəyərini anlamayıb.
Əslində nə etməli?
CV-də yer alan hər maddə üçün qısa izah, real nümunə və nəticə hazırlamaq lazımdır.
Doğru yanaşma:
“Həmin layihədə əsas rolum müştəri xidmətləri idi. Gün ərzində orta hesabla 50+ müştəri ilə ünsiyyətdə olur, məhsullar barədə məlumat verir və məmnuniyyət sorğusu aparırdıq.”
“Güclü tərəfim məsuliyyətliyəm, zəif tərəfim isə bəzən mükəmməlliyyətçi olmağımdır.”
Niyə bu yanlışdır?
Bu tip cavablar namizədi digərlərindən fərqləndirmir və real məlumat vermir.
Əslində nə etməli?
Cavabları STAR metodu ilə qurmaq tövsiyə olunur:
Situation – Task – Action – Result
Doğru yanaşma nümunəsi:
“Operativlik mənim güclü tərəfimdir. Son layihədə vaxt qıtlığı var idi. Prioritetləri müəyyənləşdirərək komanda daxilində iş bölgüsü apardım və nəticədə layihə vaxtında təhvil verildi, komanda performansı isə 15% artdı.”
“Rəhbərim zəif idi, komanda düzgün idarə olunmurdu.”
Niyə bu yanlışdır?
Bu, namizədin:
konflikt yönümlü,
məsuliyyəti başqasına atan,
gələcəkdə də oxşar davranış göstərə biləcək biri olduğunu düşündürür.
Əslində nə etməli?
Neytral və peşəkar dil istifadə edərək öyrənilən dərsləri vurğulamaq daha doğrudur.
Doğru yanaşma:
“Fərqli idarəetmə üslubları ilə işləmək mənim adaptasiya və ünsiyyət bacarıqlarımı gücləndirdi.”
İllərin işə qəbul təcrübəsi göstərir ki, müsahibələrdə fərqi yaradan hər zaman bilik deyil, yanaşmadır. Hazırlıqlı, konkret, peşəkar və dürüst namizəd hər zaman bir addım öndə olur.
Bu məqalə iş axtaran namizədlər, karyera dəyişikliyi planlayanlar və müsahibəyə hazırlaşan hər kəs üçün praktik bələdçi kimi hazırlanmışdır.
HR Option, insan resursları inkişaf və təlim mərkəzi