Son illərdə bir çox şirkət işçi məmnuniyyəti, motivasiya və performans mövzularına fokuslansa da, işçi bağlılığı (Employee Engagement) hələ də tez-tez yanlış başa düşülür və ya formal yanaşma ilə idarə olunur. İşçi bağlılığı sadəcə əməkdaşın maaşdan razı qalması, sosial paketlər və ya şirkət tədbirlərində iştirak etməsi demək deyil. Bu anlayış əməkdaşın işinə, komandaya və təşkilatın məqsədlərinə emosional və intellektual bağlılığını ifadə edir.
İşçi bağlılığı – əməkdaşın gördüyü işin mənasını anlaması, təşkilatın məqsədlərini şəxsi məqsədləri ilə əlaqələndirməsi, təşəbbüs göstərməsi və məsuliyyəti formal deyil, daxili motivasiya ilə daşımasıdır.
İşinə və şirkətinə bağlı əməkdaş “mənim vəzifəm budur” düşüncəsi ilə deyil, “bu işin nəticəsi mənim üçün önəmlidir” yanaşması ilə hərəkət edir.
Uzun müddət şirkətdə işləmək, işdən çıxmamaq, yalnız rəhbərin tapşırıqlarını icra etmək və ya təkcə maddi motivasiya ilə çalışmaq çox vaxt bağlılıqla səhv salınır. Halbuki bunlar əslində sadiqlik və ya məcburiyyət göstəriciləridir, bağlılıq deyil.
Bağlılığı yüksək olan əməkdaşlar daha az nəzarətlə işləyir, problemləri rəhbərə ötürmək əvəzinə həll etməyə çalışır və vaxtla resurs itkilərini azaldır.
İnsanlar çox vaxt şirkəti deyil, mühiti və rəhbərliyi tərk edirlər. Bağlılıq olmadıqda əməkdaş özünü dəyərsiz hiss edir, inkişaf perspektivi görmür və ilk fürsətdə şirkətdən ayrılır.
Bağlı əməkdaş müştəriyə “proses” kimi deyil, “insan” kimi yanaşır. Problemləri minimum qayda ilə deyil, maksimum həll yanaşması ilə dəyərləndirir.
Bağlılığı olmayan əməkdaş dəyişiklikləri təhlükə, bağlı olan isə imkan kimi görür. Bağlı komandalarda yeni sistemlərə müqavimət azalır, proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər artır və dəyişikliklər daha sürətli tətbiq olunur.
Yüksək işçi bağlılığı şirkətin əmək bazarındakı imicini gücləndirir və istedadlı namizədlərin cəlb olunmasına müsbət təsir göstərir. Bu isə işə qəbul xərclərinin azalması və namizəd keyfiyyətinin yüksəlməsi deməkdir.
İşçi bağlılığı yalnız illik sorğularla ölçülməməlidir. Daha effektiv yanaşma aşağıdakı alətlərin kombinasiyasını tələb edir:
Fokus qruplar
Rəhbər–əməkdaş münasibətlərinin analizi
Performans və təşəbbüs göstəriciləri
İşə giriş və işdən çıxış (Exit Interview) analizləri
Unutmaq olmaz: Şirkətə bağlı komanda sadəcə işləmir — şirkətin hədəf və məqsədlərinə çatmasında birbaşa rol oynayır.
HR Option, insan resursları inkişaf və təlim mərkəzi
Source: Gallup – Employee Engagement, Harvard Business Review – Employee Engagement, Deloitte – Employee Engagement & Human Capital, McKinsey & Company – Organizational Health