+99450 373 57 37
HR Option > Bloq > blog @tr > Onboarding prosesində “Buddy” sistemi: düzgün seçim və risklər
  • HROPTION
  • Yorum yapılmamış
hr option buddy sistemi

Yeni əməkdaşın işə başladığı ilk günlər onun gələcək performansına, motivasiyasına və şirkətdə qalma müddətinə birbaşa təsir edir. Məhz bu mərhələdə onboarding prosesi və bu prosesin əsas elementlərindən biri olan Buddy (Bələdçi) sistemi xüsusi rol oynayır.

Onboarding nədir?

Onboarding ilə bağlı əvvəlki məqalədə ətraflı danışmışdıq, lakin qısa şəkildə qeyd etsək, onboarding — yeni əməkdaşın işə qəbul edildikdən sonra:

  • iş mühitinə,

  • komandasına,

  • şirkət mədəniyyətinə,

  • iş proseslərinə

uyğunlaşmasını təmin edən mərhələli adaptasiya prosesidir.

Buddy kimdir?

Buddy — yeni əməkdaşa onboarding müddətində qeyri-rəsmi dəstək göstərən, gündəlik işlərdə yol göstərən və suallarını rahatlıqla verə biləcəyi təcrübəli əməkdaşdır.

Buddy:

  • rəhbər və ya nəzarətçi deyil,

  • mentor və ya kouç da deyil.

Yeni əməkdaş ilk həftələrdə adətən bilmir:

  • harada nahar etməli olduğunu,

  • hansı sənədi kimə göndərməli olduğunu,

  • hansı yazışma tərzinin qəbul edildiyini,

  • iclaslara kimlərin mütləq qatıldığını.

Bu tip suallar üçün rəhbərə hər dəfə yazmaq çətin və stresli ola bilər. Buddy isə bu boşluğu doldurur.

Buddy-nin əsas vəzifələri nələrdir?

Buddy-nin əsas vəzifələri bunlardır:

  • yeni əməkdaşa gündəlik iş mühitini izah etmək,

  • komanda daxilində yazılmamış qaydaları anlatmaq,

  • şirkət mədəniyyəti ilə tanış etmək,

  • ilk günlərdə yaranan suallara cavab vermək,

  • yeni əməkdaşın özünü tək hiss etməsinin qarşısını almaq.

Yeni əməkdaş soruşur:
“Bu məsələni e-mail ilə yazım, yoxsa WhatsApp-da?”

Buddy isə rahatlıqla cavab verir:
“Bizdə adətən bu tip mövzular e-mail ilə yazılır, amma təcili olarsa WhatsApp da uyğundur.”

Kimlər Buddy ola bilər?

Buddy seçimi təsadüfi olmamalıdır. Aşağıdakı xüsusiyyətlərə malik əməkdaşlar daha uyğun hesab olunur:

  • şirkətdə ən azı 6–12 ay təcrübəsi olan,

  • şirkət mədəniyyətini mənimsəmiş,

  • ünsiyyət bacarığı yüksək olan,

  • səbirli və izah etməyi sevən,

  • neqativ olmayan, konstruktiv düşüncəli,

  • komanda daxilində etibarlı imici olan əməkdaşlar.

Eyni şöbədə çalışan, işini sevən və şirkət haqqında balanslı fikirlərə malik əməkdaş Buddy olduqda yeni işçi daha tez uyğunlaşır.

Kimlər Buddy olaraq təyin edilməməlidir?

Bu məqam xüsusi diqqət tələb edir. Yanlış Buddy seçimi onboarding prosesini tam əksinə çevirə bilər.

Daim narazı olan əməkdaşlar:

  • “Bu şirkətdə heç nə düz getmir”

  • “Rəhbərlik onsuz da bizi başa düşmür”

İşdən ayrılmağı planlaşdıran şəxslər:

  • Öz gələcəyinə inanmayan biri başqasına sağlam yön verə bilməz.

Həddindən artıq emosional və konfliktli şəxslər:

  • Kiçik problemləri böyüdən əməkdaşlar.

Öz işində adaptasiya problemi yaşayanlar:

  • Hələ özü sistemi anlamayan biri başqasına bələdçi ola bilməz.

Əksər hallarda rəhbər mövqedə olan şəxslər:

  • Yeni əməkdaş Buddy ilə daha rahat və qorxmadan ünsiyyət qurmalıdır.

  • Rəhbər bu rahatlığı azalda bilər.

Yanlış Buddy seçimi niyə təhlükəlidir?

Yanlış Buddy seçimi aşağıdakı risklərə səbəb ola bilər:

  • yeni əməkdaşın şirkətə inamının azalması,

  • yanlış məlumatların yayılması,

  • şirkət mədəniyyətinin təhrif olunması,

  • erkən işdən ayrılma (early turnover),

  • HR və rəhbərliyə qarşı etimadsızlıq.

Nəticə

Buddy sistemi düzgün qurulduqda:

  • yeni əməkdaş daha tez adaptasiya olur,

  • işə bağlılıq artır,

  • stress və qeyri-müəyyənlik azalır,

  • şirkət mədəniyyəti daha sağlam ötürülür.

Bütün bunlar yeni əməkdaşın dəyər yaratmağa və nəticə verməyə daha tez başlamasını təmin edir. Bu isə həm şirkət, həm də əməkdaş üçün uzunmüddətli və dayanıqlı əməkdaşlığın əsasını formalaşdırır.

HR Option, insan resursları inkişaf mərkəzi

Source: Society for Human Resource Management (SHRM), LinkedIn Talent Solutions, Harvard Business Review.

Author: HROPTION

Bir cevap yazın